RUSİYA VİKE-FREYBERQANIN BMT-YƏ BAŞÇILIQ ETMƏSİNƏ İMKAN VERMƏYƏCƏK
V.Çurkin demişdir: “Bizim mövqeyimiz sirr deyildir. Biz asiyalı namizədi dəstəkləməyə hazırıq. Bu namizədlərin hər biri istənilən təşkilata başçılıq edə bilər”.
Xatırladaq ki, Təhlükəsizlik Şurasında səsvermənin nəticələrinə görə, Cənubi Koreyanın xarici işlər naziri Pan Gi Mun irəlidədir. İkinci yeri hindistanlı Şaşi Tarur, üçüncü yeri səsvermədə ilk dəfə iştirak edən Vike-Freyberqa tutmuşlar.
V.Çurkin jurnalistlərlə söhbətində demişdir ki, Rusiya Latviya Prezidentinə səs verməyəcəkdir. O demişdir: “Bizim Latviya ilə ciddi problemlərimiz var. Fikrimizcə, Latviyada əhalinin təxminən 40 faizini təşkil edən rusdilli sakinlərin hüquqları pozulur. BMT İkinci Dünya müharibəsinin yekunları nəzərə alınaraq yaradılmışdır. Latviya bu yekunları çox qəribə şəkildə şərh edir”.
Oktyabrın 2-də Kofi Annanın yerinə namizədlərə səsvermənin ikinci mərhələsi keçiriləcəkdir. Təhlükəsizlik Şurasının daimi üzvləri veto hüququndan istifadə edəcəklər. “Böyük beşlik” ölkələrindən birinin etiraz etdiyi namizəd növbəti səsvermədə iştirak etməyəcəkdir.
Təzə baş katibin namizədliyi konsensus vasitəsilə qəbul olunacaqdır. On il BMT-yə başçılıq etmiş Kofi Annanın səlahiyyətləri 2006-cı il dekabrın 31-də başa çatır.