RUSİYA XARİCİ TİCARƏT BANKI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Xatırladaq ki, hazırda XTB “Azərbaycan-Moskva Beynəlxalq Bankı”nın fəal tərəfdaşlarından biridir və bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur.
“Azərbaycan-Moskva Beynəlxalq Bank”ın (ABB-Moskva) idarə heyətinin sədri Fuad Abdullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda banklar arasında əməkdaşlıq, daha doğrusu, Azərbaycan və Rusiya müəssisələri arasında hesablaşma və ödəmə əməliyyatlarının aparılması sahəsində əməkdaşlıq qaydaya salınmışdır. “ABB-Moskva” XTB vasitəsilə sənədlər əsasında əməliyyatlar aparır, yəni sərbəst ehtiyatlarını orada yerləşdirir. F.Abdullayev demişdir: “Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin təşkilində XTB ilə səmərəli əməkdaşlıq yaranmışdır. Məsələn, banklar arasında “Xarici Ticarət Bankının şöbələri və əlavə ofisləri vasitəsilə fiziki şəxslərin pul köçürmələrinin təşkili haqqında” müqavilə imzalanmışdır və bu əməliyyatlar XTB-nin filialları vasitəsilə uğurla həyata keçirilir.
F.Abdullayev eyni zamanda qeyd etmişdir ki, XTB-nin Bakıda Azərbaycan Beynəlxalq Bankı ilə də sıx əlaqələri var və bu bankda müxbir hesabları açılmışdır, Azərbaycan manatı ilə bank əməliyyatları aparılır.
Fuad Abdullayev XTB-nin Azərbaycanda şöbəsinin açılmasının mümkünlüyünü şərh edərək bildirmişdir ki, yaxın vaxtlarda ölkəmizdə XTB-nin hər hansı bir ofisinin açılmasından hələlik söhbət getmir.