Rusiyada aspirantını vəhşicəsinə qətlə yetirən alimlə bağlı cinayət işinin istintaqı başa çatıb
Moskva, 18 mart, AZƏRTAC
Aspirantı Anastasiya Yeşşenkonu vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinən Sankt-Peterburq Dövlət Universitetinin sabiq dosenti Oleq Sokolov barəsində cinayət işinin istintaqı başa çatıb.
AZƏRTAC xəbər verir ki, tanınmış alim, tarix elmləri namizədi, dosent, Fransa hərbi tarixi üzrə mütəxəssis, 64 yaşlı Oleq Sokolovun öz tələbəsini qətlə yetirməsi Rusiyada böyük əks-sədaya səbəb olub. Hadisə ötən ilin noyabrında baş verib. Oleq Sokolov qeyri-rəsmi nikahda yaşadığı aspirantı Anastasiya Yeşşenkonu öz evində odlu silahdan atəş açaraq qətlə yetirib. İki gündən sonra o, gənc qadının meyitini doğrayaraq, Sankt-Peterburqdakı Moyka çayına atmağa cəhd göstərib. Gecə saatlarında meyitin hissələri olan sonuncu bağlamanı çaya atarkən suya düşmüş Sokolovu xilasedicilər çaydan çıxarıb, polis orqanlarına təhvil veriblər. Məhkəmədə Sokolov təqsirini boynuna alıb və qətli şəxsi münasibətlər zəminində törətdiyini bildirib.
Təhqiqat Komitəsinin Mərkəzi Aparatı tərəfindən aparılan araşdırma martın 18-də başa çatıb. Psixiatrik ekspertiza onun psixoloji problemlərinin olmadığını müəyyən edib.
Hazırda tanınmış alim qətl törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli sayılır. Cinayət işi baxılması üçün Rusiya Baş Prokurorluğuna təhvil verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva