RUSİYALI NAZİR DÇ-2018-İN KEÇİRİLMƏSİNƏ NAMİZƏD ŞƏHƏRLƏRİN ADLARINI ELAN ETMİŞDİR
Bakı, 6 avqust (AZƏRTAC). Rusiyanın idman, turizm və gənclər siyasəti naziri, Rusiya Futbol İttifaqının (RFİ) prezideni Vitali Mutko bildirmişdir ki, Rusiyanın ən azı 13 şəhəri 2018-ci ildə futbol üzrə dünya çempionatı matçlarının ev sahibi olmaq iddiasındadır. Rusiya KİV-lərinin verdiyi məlumata görə, DÇ-2018-in ev sahibi olmaq barədə Rusiyanın sifariş kitabı və iddiaçı şəhərlərin siyahısı 2009-cu ilin dekabrında FİFA-ya göndərilməlidir.
Mutkonun sözlərinə görə, əgər Rusiya dünya birinciliyini keçirmək hüququ əldə edərsə, çempionatın matçları Moskvada, Moskva vilayətinin şəhərlərindən birində, habelə Soçi, Rostov-Don, Krasnodar, Yaroslavl, Sankt-Peterburq, Kalininqrad, Samara, Kazan, Volqoqrad və Saransk şəhərlərində keçiriləcəkdir. Mutko ehtiyat şəhər kimi Yekaterinburqun da adını çəkmişdir.
Moskvada dünya çempionatı matçlarını iki stadionda keçirimək nəzərdə tutulur. İlkin niyyətə görə, qrup mərhələsinin oyunları, yarımfinallardan biri və final görüşü Rusiya paytaxtında keçiriləcəkdir. Digər yarımfinal oyunu və birinciliyin açılış matçı Sankt-Peterburqda olacaqdır. 1/8 final və 1/4 final matçlarını, habelə qrup mərhələsində görüşlərin bir hissəsini başqa şəhərlərdə keçirmək planlaşdırılır. FİFA-nın tələblərinə görə, dünya çempionatının keçirilməsi üçün sifarişə ən azı 10 şəhərin və 12 stadionun adı daxil edilməlidir.
Rusiya 2018-ci və ya 2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi olmaq uğrunda mübarizəyə 2009-cu ilin əvvəlində qoşulmuşdur. RFİ-nin fikrincə, rusiyalıların əsas rəqibləri İngiltərə, habelə birgə sifariş təqdim etmiş İspaniya və Portuqaliya olacaqdır. Bu ölkələrdən əlavə, DÇ-2018-in keçirilməsinə ABŞ, Avstraliya, Meksika, Yaponiya, İndoneziya, habelə Hollandiya və Belçika (birlikdə) iddialıdır. Adları çəkilən ölkələrin hər biri, eləcə də Koreya Respublikası və Qətər həm də DÇ-2022-nin keçirilməsinə namizədlərdir. DÇ-2018-in və DÇ-2022-nin keçirilməsinin hansı ölkələrə etibar ediləcəyi 2010-cu ilin dekabrında məlum olacaqdır.