Rusiyanın və Azərbaycanın veteran təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov ilə görüşüb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və gələcəkdə nəzərdə tutulan işlər haqqında məlumat verilib. Eləcə də Rusiyanın və Azərbaycanın veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Hazırda da iki dövlət arasında sıx dostluq əlaqələrinə toxunan Fatma Səttarova Azərbaycanın və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bunun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini vurğulayıb. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb.
Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov xalqımızın faşizmə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Diplomat Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izlədiyini qeyd edib.
Sonda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib.
Respublika Veteranlar Təşkilatına belə mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova Azərbaycan-Rusiya dostluğunun bundan sonra da inkişaf edəcəyinə inamını vurğulayıb.