ELM VƏ TƏHSİL
Sabah Dövlət İmtahan Mərkəzində “GRE: General Test” imtahanı keçiriləcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində (DİM) ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı “GRE: General Test” imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edəcək şəxslər saat 09:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.
İştirakçılar imtahana gələrkən qeyd olunan sənədlə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd iştirakçı tərəfindən imzalanır.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses müddətində (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.