“Sabah”ın baş məşqçisi: Futbolçularım aslanlar kimi mübarizə aparırdılar
Bakı, 2 avqust, AZƏRTAC
Oyundan əvvəl heç kim bizə şans vermirdi, amma mən inanırdım ki, mərhələni adlayacağıq. Düzünü desəm, bu matçda rəqib bizdən daha güclü idi. Hər şeyə baxmayaraq, qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Aslanlar kimi mübarizə aparırdılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubuna penaltilər seriyasında (3:2) qalib gəldikləri cavab görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının yaxşı müdafiə olunmadığını bildirib: "Bugünkü oyunda müdafiə baxımından çətinlik çəkdik. Buna görə də klubumuza yeni müdafiəçi transfer etmək istəyirik. Bu barədə düşünməliyik".
Mütəxəssis paytaxt təmsilçisinin növbəti hədəflərindən də bəhs edib: "Hədəfimiz Azərbaycan çempionatında yaxşı çıxış edərək avrokuboklarda mübarizə aparmaqdır. Bu mübarizədə əsas favorit "Qarabağ"dır. Amma biz çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Premyer Liqada ilk turun birinci oyununu "Şamaxı"ya qarşı keçirəcəyik. Ümid edirəm ki, hər şey bizim xeyrimizə olar".
Qeyd edək ki, Masazırda yerləşən "Bank Respublika Arena"da keçirilən görüşün əsas və əlavə vaxtı rəqibin 6:3 hesablı qələbəsi ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan "Sabah" (3:2) adını növbəti raunda yazdırıb. "Sabah"ın III mərhələdəki rəqibi “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi olacaq. İlk görüşdə İrlandiya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.