“Sabah”ın legioneri: Yeni baş məşqçi ilə qarşıya qoyulan hədəflərə çatacağımıza inanırıq – MÜSAHİBƏ

Bakı, 12 mart, AZƏRTAC
“Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal klubun yeni baş məşqçisi və qarşıya qoyulan hədəflər barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldiniz. Fikirlərinizi bilmək istərdik...
- Komanda olaraq mübarizə apardıq və bizə lazım olan üç xalı qazandıq. İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqib təzyiqi artırdı. Fikrimcə, ikinci yarıdakı çıxışımız göstərdi ki, bəzi mövqeləri daha da inkişaf etdirməliyik.
- Qələbə sayəsində üçüncü pilləyə yüksəldiniz...
- Komanda buna hazırdır. İndi qarşıda bizi bir-birindən əhəmiyyətli 10 oyun gözləyir. Növbəti turda “Sumqayıt”la vacib matç var. Azarkeşlərimizi sevindirmək istəyirik.
- Yeni baş məşqçiniz Krunoslav Renduliçlə bağlı nə deyə bilərsiniz?
- Yeni baş məşqçimiz komandanın nəyə ehtiyacı olduğunu yaxşı anlayır. İnanıram ki, Krunoslav Renduliçlə qarşımıza qoyulan hədəflərə çatacağıq.
- Ötən mövsüm Murad Musayevin rəhbərliyi altında yaxşı mövsüm keçirdiniz. Bəs bu mövsüm rusiyalı mütəxəssisin işləri niyə alınmadı?
- Bu mövsümdə olan xal itkiləri ilə bağlı hər kəs fərqli düşünə bilər. Lakin indi bu barədə danışmaq heç nəyi dəyişməyəcək. Əsas odur ki, hazırda ikinci yer üçün şanslarımızı qoruyub saxlayırıq. Daha yaxşı olmaq üçün əlimizdən gələni edirik.
- Komanda olaraq bu mövsüm hədəfləriniz hansılardır?
- Əlbəttə, indiki vaxtda əsas məqsədimiz mümkün qədər yüksək pilləyə qalxmaqdır. Bununla yanaşı, öz oyunumuzu daha da inkişaf etdirməliyik.
- Azərbaycanda ikinci mövsümünüzü keçirirsiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Burada yaşamaq mənim üçün xoşdur. Ölkənizin bir sıra cəlbedici xüsusiyyətləri var. Amma insanlarınızı xüsusilə qeyd etmək istərdim. Azərbaycan xalqında olan hörmət və təvazökarlığı çox bəyənirəm.
-Azərbaycan mətbəxi və mədəniyyəti barədə nə deyə bilərsiniz?
-Düzünü desəm, çox yemək həvəskarı deyiləm. Mütəmadi çay içməyə burada başladım və çox xoşuma gəlir. Məncə, Azərbaycan mədəniyyətinin ən maraqlı cəhəti memarlıqdır. Bakının füsunkar məkanlarından olan İçərişəhərdə köhnə məscidlər fərqli və xüsusidir.