Sabirabadda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsi ilə bağlı tərtib etdiyi Tədbirlər Planına uyğun olaraq, Sabirabad Rayon Mədəniyyət Mərkəzində anım mərasimi keçirilib.
Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xocalıda həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək, Xocalıda erməni terrorçularının vəhşiliklərindən söz açıb, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğulayıb.
Sonra Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” qrupunun hazırladığı “Könlüm keçir Qarabağdan” adlı bədii kompozisiya nümayiş olunub.