REGİONLAR
Sabirabadda Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
Sabirabad, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Xocalı faciəsinin qurbanlarının xatirəsi Sabirabad rayonunda da dərin ehtiramla anılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyaya uyğun olaraq Sabirabad rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib.
AZƏRTAC xəbər verir ki, aksiyada rayonun ziyalıları ilə yanaşı, gənclər və könüllülər də iştirak ediblər. Ağacların əkilməsi üçün ayrılan ərazi öncə kol-kosdan təmizlənib və quyular qazılıb. Pandemiya şəraitinin qaydalarına uyğun olaraq iməcilik keçirilib. Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon ərazisindən keçən hissəsində yol kənarında olan boş sahələrdə əsasən müxtəlif növdən olan tinglər əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Həmçinin yeni əkilən tinglərin suvarılması üçün damcı suvarma sistemi qurulub. Tinglərin qorunub saxlanılması üçün xüsusi tapşırıqlar verilib.