REGİONLAR
Şabran dram dərnəyinə Xalq Teatrı adı verilib VİDEO
Şabran, 27 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranda 20 ilə yaxındır fəaliyyət göstərən dram dərnəyinə Xalq Teatrı adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 27-də kollektiv yeni ad altında ilk tamaşasını təqdim edib. İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Hökmdar və qızı” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri olan Cabir Əmrahovdur. Yeni yaradılan kollektiv 22 nəfərlik aktyor heyətindən ibarətdir.
Mədəniyyət mərkəzində təqdim olunan tamaşadan sonra Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək teatrsevərləri bu əlamətdar hadisə münasibətilə təbrik edib, Xalq Teatrının fəaliyyətinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bundan əvvəl Xaçmazdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram kollektivi də Xalq Teatrı adını alıb.
Xalq teatrlarının yaradılmasında əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasından ibarətdir.
Dram dərnəyinə Şabran Xalq Teatrı adının verilməsi haqqında Mədəniyyət Nazirliyinin diplomu teatrın rəhbəri Cabir Əmrahova təqdim olunub.