Sabunçu rayonunda taksi sürücüsünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən “Bakı Taksi Xidməti” MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat verilib. Məlumatla əlaqədar prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin olunub.
İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.