Şagirdlər narkomaniyanın doğurduğu faciələr barədə məlumatlandırılıblar
Bakı, 18 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 257 saylı tam orta məktəbdə “Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak edib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtının səmərəli təşkili barədə ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.