“Şahdağ” Qış-Yay Turizm Kompleksində tikinti işlərinin gedişi müzakirə olunmuşdur
Bakı, 27 aprel (AZƏRTAC). Ölkəmiz üçün mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi çərçivəsində buradakı obyektlərin (mehmanxanalar, əsas xizək bazası, kanat yolları, süni qarlaşdırma sistemlərinin quraşdırılması, elektrik yarımstansiyası, xarici su və qaz kəməri xətləri, kanalizasiya, elektrik təchizatı və s.) tikinti işləri tam sürətlə davam etdirilir.
Artıq kompleksdə 2012-ci ilin sonunadək yerli və xarici turistlərin qəbulu və onlara xidmət göstərilməsinə başlanılması planlaşdırılmışdır. Kompleksin infrastrukturunun yaradılması işində əsas istiqamətlərdən biri Qusardan çəkilən yolun inşaat, təmir və yenidənqurma işlərinin tamamlanmasıdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, nəqliyyat naziri Ziya Məmmədovun, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, kompleksin direktoru Emin Haşımovun, baş layihələndirici “Swiss Town Consult AG” və baş podratçı “DİA Holdinq FZCO” şirkətlərinin nümayəndələrinin və digər maraqlı təşkilatların, xarici mütəxəssislərin iştirakı ilə aprelin 26-da keçirilmiş növbəti iclas məhz bu məsələyə həsr edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda turizm kompleksi yolunun xüsusiyyətləri, yerli landşaft, qeyd olunan obyektin müasir tələblərə cavab verməsi nəzərə alınmaqla kompleksə giriş yolunun inşası və yenidən qurulması işlərinin davam etdirilməsi məsələsi müzakirə olunmuşdur.
Nəzərdə tutulmuş işlərin yüksək keyfiyyətliyinin və vaxtında icrasının təmin edilməsi istiqamətində lazımi sənədlərin, texniki tələblərin hazırlanması məqsədi ilə müvafiq tapşırıqlar verilmişdir.