“Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil edilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə bir sıra media nümayəndələri üçün press-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, press-turun təşkilində məqsəd “Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən turizm obyektləri və burada turistlərə göstərilən xidmət barədə ictimaiyyətə dolğun məlumat verməkdir.
Səfər çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən “Zirvə”, “Shahdag Hotel &Spa” hotelləri və digər turizm obyektləri ilə tanış olublar. KİV təmsilçilərinə burada fəaliyyət göstərən turizm obyektlərinin turizm potensialı haqqında geniş məlumat verilib.
Bildirilib ki, hazırda mərkəzin ərazisində 5 hotel fəaliyyət göstərir. Bu hotellərdə 1100 nəfərin gecələməsi üçün şərait mövcuddur. Ümumilikdə isə mərkəz bir dəfəyə 10 min nəfərə yaxın turisti qarşılamaq gücündədir. Burada 11 kanat xətti, 19 xizək enişi yamacı, həmçinin “Ovdan SPA” mərkəzi və hovuz turistlərin ixtiyarındadır. Kompleksin restoranlarında Azərbaycan mətbəxi ilə yanaşı, dünya mətbəxi də təqdim edilir.
Qeyd edək ki, Şahdağ Milli Parkının ərazisində salınan turizm mərkəzinin inşa edildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Mərkəzin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan mərkəz bütün il boyu fəaliyyət göstərir. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Turizm mərkəzi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Mərkəzin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər “Şahdağ” Turizm Mərkəzinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.