Sahib Məmmədov: Azərbaycan Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilib
Bakı, 16 iyun, AZƏRTAC
Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatla Azərbaycanın son onilliklərdə məhsuldar əməkdaşlığı və Bankın dəstəyi ilə həyata keçirilən bir çox layihələr ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə deyib.
O bildirib ki, Azərbaycanın son illərdə qlobal iqtisadiyyata yüksək inteqrasiyası, eyni zamanda, qlobal iqtisadiyyatdan gələn təsirlərə də adekvat reaksiyanı zəruri edir: “Orta və uzunmüddətli dövrdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışların adekvat şəkildə qarşılanması, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artım templərinin təmin olunması, dövlətimiz üçün yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası təsdiq edilmiş və onun icrası uğurla start götürüb. Hazırda təqdimatına toplaşdığımız “Qlobal İqtisadi Perspektivlər” Hesabatının 2023-cü il iyun buraxılışında monetar siyasətlərin və faiz dərəcələrinin qlobal iqtisadiyyata təsiri və aşağı gəlirli ölkələrdə fiskal siyasətlər və fiskal imkanlar təhlil olunur, habelə qlobal və regional iqtisadi vəziyyət və perspektivlərlə bağlı proqnozlar verilir. Beynəlxalq hesabatlar üzrə təqdim olunan təhlillərə və regionda yaranan geosiyasi və iqtisadi çağırışlara əsasən deyə bilərik ki, dünya əmtəə qiymətlərinin kəskin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiya templərinin artması və iqtisadi vəziyyətin pisləşməsi əsas risk amilləri olsa da, yaranmış şərait, eyni zamanda, geniş imkanlar açıb”.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifənin açılması, ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit-logistika qovşağına çevrilməsi proseslərinin sürətlənməsi, bu səbəbdən Azərbaycana strateji investorların marağının əhəmiyyətli artması (o cümlədən işğaldan azad olunmuş ərazilərə) və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələnməsi imkanlarının yaranması, habelə dünya enerji daşıyıcıları bazarında yüksək qiymətlər səbəbindən böyük məbləğdə gəlirlərin əldə olunması və bu gəlirlər hesabına ölkənin sosial-iqtisadi inkişafı sahəsində duran strateji prioritetlərin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşməsi üçün əlavə imkanların yaranması kimi amilləri də qeyd etmək lazımdır.