CƏMİYYƏT
Sahibkar: Prezidentin diqqət və qayğısı qarşımızda geniş imkanlar açır
Bakı, 27 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək, hər yerdə olduğu kimi, Naftalanda da tərəqqi və yüksəlişə səbəb olub. Bu diqqət və qayğı biz sahibkarlar qarşısında geniş imkanlar açır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin direktoru İlqar Hüseynov səsləndirib. Sahibkar bildirib ki, son illər dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Dövlətimizin başçısının elan etdiyi strateji xəttə uyğun olaraq, respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Dövlət tərəfindən sahibkarlara müxtəlif güzəştlər edilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. Məhz bunun nəticəsində Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb.
Naftalan Müalicə və Sağlamlıq Mərkəzinə Rusiya, Polşa, Almaniya, Fransa, İran və başqa ölkələrdən də insanlar gəldiyini bildirən İ.Hüseynov deyib: “Kollektivimizin hər bir üzvü çalışır ki, müalicə və istirahət üçün mərkəzə üz tutanlar buradan razı, xoş təəssüratla qayıtsınlar. Naftalan neftinin tətbiqi 70-dən çox, o cümlədən sümük-əzələ sistemi, periferik damar, ginekoloji, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsinə imkan verir. Mərkəzdə naftalan vannaları və yaxmaları, yod-bromlu su vannaları, parafinlə müalicə, masaj və başqa kabinetlər, diaqnostika, biokimyəvi laboratoriyalar fəaliyyət göstərir. Biz bu şəraiti bilavasitə dövlətin dəstəyi ilə yaratmışıq”.