Sahibkarlar pestisid və gübrələrə dair tələblər barədə məlumatlandırılıblar
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanılması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sahibkarlarla görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib.
Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanılma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir.
Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.