Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərinə dair müzakirələr aparılıb
Bakı, 15 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vebinarda 40-dan çox sahibkar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs, startap təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov ölkənin davamlı iqtisadi inkişafı və iqtisadi dayanıqlılığın təmin olunmasında özəl sektorun rolunu vurğulayıb, sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərini qeyd edib. O, güzəştli maliyyə resurslarına çıxışın genişləndirilməsi istiqamətində SİF tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.
Vebinarda SİF-in yeni strategiyası, həmçinin fond tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə fond tərəfindən kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmləri tətbiq edilir. Bu fəaliyyətin şəffaf şəkildə və real vaxt rejimində həyata keçirilməsi üçün Elektron Kredit Platforması istifadəyə verilib.
Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.
Qeyd edək ki, sahibkarlar arasında ictimai məlumatlılığın artırılması məqsədilə bu cür tədbirlərin təşkili davam etdiriləcək.