Sahibkarlara dövlət dəstəyini ictimaiyyət yüksək qiymətləndirir
Bakı, 23 oktyabr, AZƏRTAC
İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən oktyabrın 15-də "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq qərar qəbul edilib. Bu sənədə əsasən, vergiödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv olunub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, beləliklə, 2013 vergiödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergiödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergiödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv edilib.
Sözügedən məsələni şərh edən iqtisadçı ekspert Rəşad Həsənov dövlətin sahibkara dəstəyinin siyasi, iqtisadi və mənəvi əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlət hər zaman müxtəlif formalarda mümkün imkanlar daxilində sahibkarları müəyyən dəstəklə təmin edir: "Bununla bağlı bu günədək çoxlu mexanizmlər də formalaşıb. Amma indiki şərtlər daxilində sabiq xərclərin kompensasiyası istiqamətində dəstək mexanizmləri daha effektivdir. Belə bir şəraitdə də hökumət sahibkarın xərclərinin müəyyən qədər azaldılması və əvəzlənməsi istiqamətində prinsipial mövqe nümayiş etdirir. Görülən tədbirlərdən biri də müxtəlif səbəblərdən yaranmış borcların silinməsidir.
Ekspert deyib ki, belə bir addımın atılması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti öz sahibkarını düşmən təcavüzkarlığı qarşısında tək qoymur: “Son dövrlərdə şəffaflaşma ilə əlaqədar vergi daxilolmalarının əhəmiyyətli şəkildə artması indiki mürəkkəb şəraitdə ölkənin iqtisadi yüksəlişinə təkan verən amillərdəndir. Ona görə də, vergilərin vaxtında və tam həcmdə ödənilməsi həm müzəffər Ordumuzun şanlı qələbələr qazanması, həm də işğaldan azad edilən torpaqlarımızın inkişafı üçün mühüm şərtlərdəndir”.