Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 19 yanvar, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şamxal Cəmilzadə və Ülviyyə Mehralıyeva ilə görüşüb.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, sədr qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.
Görüşdə Şahin Seyidzadə müsabiqə qaliblərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. Qaliblər isə səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Şahin Seyidzadənin təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.