ŞAHMAT ÜZRƏ KEÇMİŞ DÜNYA ÇEMPİONU BOBBİ FİŞER HƏBS EDİLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, keçmiş dünya çempionu iyulun 16-da Tokionun Narita beynəlxalq hava limanının immiqrasiya xidməti tərəfindən saxlanılmışdır. Çünki o, saxta sənəd təqdim etmişdir. İndi Bobbi Fişer ilkin həbs kamerasındadır və güman ki, deportasiya olunacaqdır.
Bəzi ekspertlərin ötən əsrin, az qala, ən istedadlı şahmatçısı adlandırdığı 61 yaşlı Fişer Yaponiyadan Filippinə getmək istəyirmiş.
Xatırladaq ki, 1972-ci ildə Fişer o vaxtlar SSRİ-dən çıxış edən Boris Spasskini məğlubiyyətə uğradaraq dünya çempionu olmuş, bundan sonra neçə-neçə yarışda qalib gəlmişdir. O, uzun illər yoxa çıxmış və nəhayət, 1992-ci ildə yenidən peyda olaraq, Yuqoslaviyada mükafat fondu 3,35 milyon dollarlıq turnirdə qələbə qazanmışdır. Bundan sonra Belqrad barəsində iqtisadi qadağalar rejimini pozduğuna görə təqsirləndirilmiş və ABŞ-da ona qarşı məhkəmə işi qaldırılmışdır. Fişer bundan xəbər tutan kimi yenidən yoxa çıxmışdır. Bəzi məlumatlara görə, o, Yaponiyada gizlənirdi.