“SANDİ TAYMS” QƏZETİ İSRAİLİN İRANA ZƏRBƏ ENDİRMƏK PLANINI AÇIQLAMIŞDIR
Jurnalistlərin məlumatına görə, əməliyyata xüsusi təyinatlı dəstələr və F-151 təyyarələri cəlb olunacaq və onlar İranın nüvə obyektlərinə zərbə endirəcəkdir. İsrailin xüsusi təyinatlı qüvvələrinin komandanlığında bildirmişlər ki, ötən həftə bu qüvvələr ən yüksək hazırlıq vəziyyətinə gətirilmişdir. Mənbələrdən biri demişdir: “Hərbi əməliyyat azı 100 faiz uğurlu olmalıdır. Bu, 1967-ci ilin iyununda Misir hərbi hava qüvvələrinin üç saata məhv edilməsi əməliyyatını xatırladacaqdır”.
Qəzet yazır ki, İsrail İraqın şimalında baza yaratmışdır və ondan İran haqqında kəşfiyyat məlumatı toplamaq üçün istifadə edir. “Sandi tayms”ın məlumatına görə, İsrail kəşfiyyatı İranda bir neçə gizli nüvə obyekti aşkarlamışdır və beynəlxalq inspektorların onlardan xəbəri yoxdur.
Martın əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Məhəmməd əl-Baradei İranın nüvə proqramı haqqında məruzə təqdim etməlidir. İsrail hərbi kəşfiyyatının başçısı Aaron Zeevi Farkaş demişdir: “Əgər martın sonunadək beynəlxalq birlik İran məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verməyə müvəffəq olmasa, onda biz deyə bilərik ki, bu siyasət özünü tükətdi”.
İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Amos Gilad “Sandi tayms”ın yazdığını “real deyil, uydurulmuş məlumat” adlandırmışdır. Buna baxmayaraq, o, İrana qarşı hərbi əməliyyatı istisna etmir. O demişdir: “Heç kəs bilmir ki, gələcəkdə nə olacaqdır”.