HEYDƏR ƏLİYEV - 100
Sankt-Peterburqda “Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır” sənədli filmi təqdim olunub





Sankt-Peterburq, 19 sentyabr, AZƏRTAC
Sankt-Peterburq şəhərində Müasir Dövlət İnkişaf İnstitutunun və Ə.Topçubaşov adına Rusiya-Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənovun müəllifi olduğu "Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır" sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar elan etdiyi "Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.
Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən "Jurnalistlər evi"nin böyük zalında keçirilən təqdimat mərasimində Azərbaycan Respublikasının Sankt-Peterburqda şəhərindəki Baş konsulu Sultan Qasımov, Özbəkistan Respublikasının Baş konsulu Əlişir Babayev, Müasir İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov, “İvanovski” Bələdiyyə Dairəsinin deputatı Elşən Həmzəyev çıxış ediblər.
Ə.Topçubaşov adına Rusiya-Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin direktoru Eldar Əlizadə çıxışında Ümummilli Lider Heydər Əliyevin həyatının Sankt-Peterburq şəhəri ilə bağlı illərindən, SSRİ-də vəzifələrdə çalışarkən həyata keçirdiyi layihələrdən, müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra Azərbaycan ilə Rusiya arasında münasibətlərin qurulmasında və möhkəmlənməsində xidmətlərindən bəhs edib.
Tədbirdə Tacikistanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Türkmənistan, Özbəkistan, Tatarıstan və İnquşetiya milli-mədəni muxtariyyətlərinin, Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Filmdə A.Həsənovun Rusiya və Azərbaycanın siyasi xadimləri, universitet rektorları və digər məşhur ictimai simalardan Heydər Əliyev barədə götürdüyü müsahibələrdən istifadə edilib.
Sankt-Peterburq