Sankt-Peterburqdakı Əmək forumunda Birliyin ümumi miqrasiya məkanının formalaşdırılması müzakirə olunacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Sankt-Peterburqda “MDB-nin iştirakçısı olan dövlətlərin ümumi miqrasiya məkanının Konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” adlı beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, beynəlxalq konfrans gələn il fevralın 20-22-nə planlaşdırılan VIII Sankt-Peterburq Beynəlxalq əmək forumu çərçivəsində keçiriləcək.
Müstəqil Dövlətlər Birliyinin gələcək inkişafı Konsepsiyası və onun realizəsinə dair Əsas tədbirlər Planı, eləcə də 2023 - 2025-ci illərdə Müstəqil Dövlətlər Birliyində model qanunyaradıcılığının Perspektiv planına uyğun olaraq, MDB Parlamentlərarası Assambleyası MDB ölkələrinin ümumi miqrasiya məkanının Konsepsiyasının yeni redaksiyasının işlənib hazırlanmasına başlanılır. Sənədin qüvvədə olan redaksiyası Assambleya tərəfindən 2012-ci ildə qəbul olunub.
Müasir tendensiyaları, yəni praktik olaraq bütün dünya ölkələrinin miqrasiya sahəsində dövlət siyasətində əhəmiyyətli dəyişikliklərin baş verdiyini, miqrasiya proseslərinin tənzimlənməsi mexanizmlərinin, o cümlədən qanunvericilik sahəsində köklü şəkildə transformasiya olunduğunu nəzərə alaraq, keçiriləcək konfransda Birlik dövlətlərinin miqrasiya siyasətinin xüsusiyyətləri müzakirə olunacaq.