“Saral İnkişaf və Təhsil Mərkəzin”in müəllim və şagirdlərinə sertifikatlar təqdim olunub
Tbilisi, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində fəaliyyət göstərən “Saral İnkişaf və Təhsil Mərkəzi”ndə kursları uğurla başa vurmuş yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Mərkəzin müəllimi Arzu Əliyeva qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, “Saral İnkişaf və Təhsil Mərkəzi” cari il yanvarın 5-də fəaliyyətə başlayıb. Gənclərin inkişafına və təhsilinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərən Mərkəzdə hazırda 188 yeniyetmə və gənc ingilis dili, riyaziyyat, şahmat, rəsm, gürcü dili və robototexnika üzrə ödənişsiz təhsil alır.
Bildirilib ki, riyaziyyat fənni üzrə kurslarda uğur qazanmış 17, ingilis dili kursunu isə müvəffəqiyyətlə bitirən 6 nəfər sertifikata layiq görülüb.
Mərkəzin yaradıcısı Rəhim Hüseynov, mərkəzinin rəhbəri Emin Əhmədov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Yuxarı Saral kəndinin ağsaqqalı, yazıçı-jurnalist Əli Abbas, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Murad Muradov və “Aktual Media” qrupunun rəhbəri İlkin Hüseynov çıxış edərək, mərkəzin uğurları və gənclərə göstərdiyi dəstək barədə danışıblar.
Sonra kursları uğurla başa vurmuş gənclərə, eləcə də, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində keçirilmiş şahmat yarışında uğur qazanmış “Saral İnkişaf və Təhsil Mərkəzi”nin yetirmələrinə sertifikatlar və mükafatlar təqdim olunub.
Mərkəzdə təlim və tədris prosesində fərqlənmiş müəllimlərə də xüsusi təşəkkürnamələr, pul mükafatı və hədiyyələr verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi