SAT imtahanı keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Martın 13-də Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
2. Buraxılış vərəqəsi - “Admission Ticket”;
3. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”.
Müvafiq bəyannaməni imtahan iştirakçısı çap etməli və imzalayaraq gətirməlidir.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
SAT imtahanları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.