Saxur gənci: Təəssüf ki, yaralandığım üçün döyüşlərdə axıradək iştirak edə bilmədim
Zaqatala, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı təxribat əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. Xalqımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyimiz bizi zəfər bayramına günbəgün yaxınlaşdırdı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.
Torpaqlarımızın bütövlüyü, tamlığı uğrunda mübarizədə azərbaycanlılarla yanaşı, ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların, etnik qrupların nümayəndələri də yaxından iştirak ediblər. Zaqatala rayonunun Mamrux kənd sakini, saxur xalqının nümayəndəsi Ələddin Aydəmirov Vətən müharibəsinin ilk günündən könüllü olaraq cəbhəyə yola düşüb, döyüşlərə atılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan saxur gənci şiddətli döyüşlərdə ayağından yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri Aydəmirovlar ailəsində olub, Qarabağ qazisinin şanlı döyüş yolu ilə maraqlanıb.
Saxur gənci deyib: “Azərbaycan hamımızın doğma Vətənidir. Müharibə başlayanda mən də könüllü olaraq cəbhəyə yola düşdüm. Müharibənin ilk günlərindən döyüşlərə qatıldım. Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin işğaldan azad olunmasında, həmçinin yüksəkliklərin alınmasında manqa komandiri kimi iştirak etdim. Suqovuşan ətrafındakı adsız yüksəkliklərdən birini azad edərkən düşmənin güclü müqaviməti ilə qarşılaşdıq. Onlar tanklardan, minomyotlardan atəş açırdılar. Kiçik qruplarla hərəkət edirdik. Atışa-atışa düşməni qovurduq. Düşmənlə aramızda 70-80 metr məsafə var idi. Biz bir an dayanmır, inamla irəliləyirdik. Birdən yaxınlıqda tank mərmisi partladı. Qəlpəsi sağ ayağıma dəydi, baldır sümüyüm qırıldı. Döyüşçü yoldaşlarım sağ olsunlar, məni təcili döyüş meydanından çıxardılar. Əsgərlərimizin köməyi ilə mən və daha bir neçə yaralı Talış kəndinə təxliyə olunduq. Ayağımda ilk cərrahiyyə əməliyyati Naftalan xəstəxanasında aparıldı. Sonra Gəncə xəstəxanasına göndərildik. Daha sonra Bakı şəhərində yenidən əməliyyat olundum”.
Qarabağ qazisi deyib ki, döyüşlərdə axıradək iştirak etmədiyinə, döyüşçü yoldaşlarından ayrı düşdüyünə görə çox heyifsilənir: “Erməni əsgərləri çox qorxaqdırlar. Qabağımızda tab gətirə bilmirdilər. Güllə səsi eşidən kimi qorxub qaçırdılar. Bizim gözümüzdə isə heç bir qorxu yox idi. Yalnız torpaqlarımızı mənfur düşməndən xilas etmək barədə düşünürdük. Arzum Şuşayadək getmək idi. Heyif ki, mənə qismət olmadı. Fərq etməz, rəşadətli ordumuz sayəsində son nəticədə qələbəyə nail olduq. Sevinirəm ki, bu qələbədə mənim az da olsa payım var”.
Qazimizin anası Kifayət xanım da oğlunun könüllü olaraq Vətən müharibəsində iştirak etməsindən çox qürurludur. Qazi anası deyib: “Oğlum bir neçə ildir ki, atasını itirib. Mən gələcək həyatımızda ona arxalanırdım. Deyəndə ki, Vətəni qorumağa gedir, xeyir-dua verdim. Arzulayırdım ki, tək mənim oğlum deyil, bütün əsgərlərimiz cəbhədən sağ-salamat evlərinə qayıtsınlar. Heç bir valideynin gözü yaşlı olmasın. Şükür olsun Tanrıya, oğlum yaralansa da, salamat evə döndü. İşğal altında olan torpaqlarımızın azad olunmasını 30 ildir ki, gözləyirdik. Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun sayəsində nəhayət ki, buna nail olduq. Sağ olsun dövlətimiz, övladlarımızın müalicəsinə xüsusi diqqət göstərilir”.
Ailənin ağbirçəyi Ayşəxanım nənə də öz xeyir-dualarını Ali Baş Komandanımıza, qəhrəman əsgərlərimizə çatdırmağı xahiş etdi.
Qeyd edək ki, Vətən müharibəsində iştirak etmək üçün Mamrux kəndindən 12 gənc könüllü olaraq cəbhəyə yola düşüb.