Səbail rayonunda unlu məmulatların istehsalı və satışı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Səbail rayonunun İstiqlaliyyət küçəsi, ev 29 ünvanında fiziki şəxs Rüstəmzadə Mütalib Arif oğluna məxsus unlu məmulatların istehsalı və satışı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, istifadə edilən ət və süd məhsullarının temperatur rejimi gözlənilmədən masaların altında açıq şəkildə saxlanıldığı, sanitar qovşağın birbaşa unlu məmulatların hazırlanması sahəsinə açıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin olunmadığı, un kisələri və tərəvəzlərin birbaşa döşəmədə divara bitişik halda qoyulduğu, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, çirkli suların axıdılması üçün drenajın quraşdırılmadığı, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.