Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar cənub bölgəsinin bütün seçki dairələrini əhatə edir
Astara, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Milli Məclisə növbəti seçkilərlə əlaqədar cənub bölgəsində də dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
AZƏRTAC xəbər verir ki, maarifləndirici məqsəd daşıyan və üç gün davam edəcək kurslarda Mərkəzi Seçki Komissiyasının (MSK) treninq qrupunun mütəxəssisləri tərəfindən seçkilərlə bağlı icra olunacaq müxtəlif prosedurlar ətraflı izah edilir.
Avqustun 25-də, kursların ikinci günü 77 saylı Astara Seçki Dairəsinin inzibati binasında keçirilən məşğələdə çıxış edən dairə seçki komissiyasının sədri Hikmət Əkbərov iştirakçılara parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə məlumat verib.
MSK-nın nümayəndələri İlham Məmmədov və Kəmalə Əliyeva seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə danışıblar. Rayon polis şöbəsinin rəisi Adil Həsənov isə “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda çıxış edib.
Diskussiya şəraitində keçən təlim məşğələsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İxtisaslaşdırılmış kursların ikinci günü cənub bölgəsində fəaliyyət göstərən 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara və 78 saylı Lerik seçki dairələrində də təlimlər davam etdirilib.