Sədaqət Vəliyeva: Çoxpartiyalı və siyasi plüralizmin olduğu parlamentin qarşısında böyük vəzifələr dayanır
Bakı, 13 mart, AZƏRTAC
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyevin çıxışı proqram xarakterli idi. Dövlətimizin başçısı ölkəmizin sosial-iqtisadi sektoru ilə yanaşı, ictimai-siyasi tərəflərinə də toxundu, əsas fəaliyyət istiqamətləri barədə danışdı.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev parlamentin qarşısında duran mühüm vəzifələri aydın şəkildə izah etdi: “Aydındır ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar qanunvericilik hakimiyyətindən də yan ötə bilməzdi. Bu mənada xalqın iradəsi əsasında və demokratik, şəffaf seçkilərlə formalaşmış yeni parlament həmin reformalara adekvat cavab verməli, qanunvericilik sahəsində çevik və effektiv addımlar atmalıdır. Əslində, Prezident çıxışında hansı sahələrin prioritet olduğunu da açıqladı və bir növ perspektiv işlərin konturlarını müəyyənləşdirdi”.
“Prezident İlham Əliyev deputatların vəzifə səlahiyyətlərini, fəaliyyət istiqamətlərini də göstərdi, bir sıra tövsiyələrini də verdi”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, parlamentdə təmsil olunan deputatlar fəaliyyətləri ilə seçicilərinin etimadını doğrultmalıdır. Altıncı çağırış Milli Məclisdə 10-dan artıq siyasi partiya təmsil olunur. Çoxpartiyalı və siyasi plüralizmin olduğu parlamentin qarşısında əlbəttə ki, böyük vəzifələr dayanır. Bu kontekstdə Prezident İlham Əliyev siyasi dialoq haqqında da danışdı. Ölkəmizin siyasi həyatında cərəyan edən proseslərə dərin təhlil verən dövlətimizin başçısı, eyni zamanda, xarici anti-Azərbaycan dairələri tərəfindən yeni “beşinci kolon” axtarışları aparıldığını da dilə gətirdi. Bu mənada Prezident ölkənin bütün siyasi qüvvələrinə, siyasi partiyalarına xəbərdarlıq etdi. Əslində, Prezidentin bu istiqamətdə çağırışları yeni deyildi. Dövlətimizin başçısı daim bu barədə çıxış edib və bildirib ki, məmləkət məsələlərinin, daxili problemlərimizin həllini sərhədlərimizdən kənarda axtarmayaq.
“Axı, hansı səbəbə görə biz sabitliyimizi, stabil, dinamik inkişafımızı məcburən Suriya, Liviya, Yəmən, Misir, Tunis, Venesuela, Ukrayna “demokratiyasına” dəyişdirməliyik? Bir ölkənin sabitliyi, sakitliyi var-dövlətdən də, milyardlarla vəsaitlərdən də vacibdir. Liviyanın, Misirin, Tunisin 50-100 milyard dollar, bəlkə də artıq pulları var idi. Bəs, həmin vəsaitlər indi haradadır? Məgər liviyalılar, misirlilər, tunislilər həmin vəsaiti gördülərmi, ölkələrinin yenidən qurulmasına sərf etdilərmi? Xeyr etmədilər. Əksinə, hər gün yeni hərbi-siyasi oyunlarla həmin xalqları və dövlətləri məhv etdilər. Bax, bütün bunlara görə nəyin bahasına olursa-olsun sabitliyimizi qorumalıyıq. Demokratiya tədrici inkişaf prosesidir, o idxal olunmur, təyin edilmir, quraşdırılmır. Buna görə də, xarici anti-Azərbaycan dairələrinin yeni “beşinci kolon”u olmağa çalışanlar bir daha düşünsünlər ki, xalqın, dövlətin maraqları əleyhinə getmək xəyanətdir”, - deyə deputat vurğulayıb.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin parlamentdəki çıxışı hər bir deputat, hər bir siyasətçi üçün fəaliyyət istiqaməti olmalıdır. Çünki, dövlətimizin başçısı prioritetləri də, əsas prinsipləri də, istiqamətləri də aydın şəkildə göstərdi.