Sədaqət Vəliyeva: Son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti ölkəmizə hər gün yeni-yeni nailiyyətlər qazandırır. Biz bunu daxili və xarici siyasət sahəsində, eləcə də sosial və mədəniyyət sektorlarında da müşahidə edirik. Əlbəttə ki, daha çox diqqət cəlb edən sfera da məhz iqtisadiyyatdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ötən ildən başlayaraq qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu ilin son 9 ayının yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, eləcə də, qeyri-neft sənayesi 3,1 faiz və kənd təsərrüfatı 2,8 faiz artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 7 faiz artıb, xarici ticarətin müsbət saldosu isə 4,4 milyard dollara bərabər olub. Hətta dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin fəaliyyətə başlaması nəticəsində yeni iş yerlərinin açılması prosesi də uğurla gedib. Elə bu səbəbdəndir ki, son 9 ay ərzində 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini isə daimidir. Göründüyü kimi, son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir.
“Ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb. Əldə olunan nailiyyətlər bir daha əminlik yaradır ki, Azərbaycan 2017-ci ili də uğurla başa vuracaq”,- deyə Milli Məclisin deputatı vurğulayıb.