Sədr müavini: “Yaşıl istiqraz” bazarının yaradılması üzərində işləməliyik
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Milli Yaşıl Taksonomiyaya baxmayaraq, “yaşıl layihə”lərin maliyyələşdirilməsi ilə bağlı müəyyən çətinliklər qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2025) ikinci günü çıxışı zaman deyib.
Bəhruz Nağıyev bildirib ki, müştərilər “yaşıl kredit” üçün müraciət etsələr də, layihənin “yaşıl” olub-olmamasını müəyyənləşdirmək çətindir.
““Yaşıl taksonomiya” müəyyən çərçivə versə də, standartlaşdırma və yoxlama sistemi yoxdur. Layihələri yoxlayan və ESG qiymətləndirməsini təqdim edən ayrıca bir təşkilat olmalıdır. Bu isə hələ mövcud deyil və bizim üçün ciddi problemdir. Sektorda məhsul zəncirinin genişləndirilməsinə də ehtiyac var. Hazırda keçid istiqrazları, davamlı inkişafa bağlı istiqrazlar və digər maliyyələşdirmə alətləri tətbiq edilmir. Bunun əsas səbəbi depozit bazasının uzunmüddətli olmamasıdır. Buna görə də “yaşıl istiqraz” bazarının yaradılması və dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması üzərində işləməliyik”, - deyə B.Nağıyev əlavə edib.
B.Nağıyev həmçinin vurğulayıb ki, Azərbaycanın kredit riskləri Avropa və ABŞ-dakından əhəmiyyətli dərəcədə fərqlənir: “Korporasiyaların ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Biz bu məsələlərin həlli istiqamətində iş aparırıq və nikbinik. Digər ölkələrdə bu proses bir gecədə baş verməyib. Əminəm ki, biz də lazımi vaxtda nail olacağıq, hətta, onların təcrübəsindən öyrənərək daha sürətlə irəliləyə bilərik”.