Şəfəq Mehrəliyeva: Bu bəyanat Cənubi Qafqazda uzunmüddətli sülhün təmininə töhfə verəcək
Bakı, 10 noyabr, AZƏRTAC
Cənubi Qafqaz bölgəsinin tarixi və siyasi konteksti göstərir ki, burada mövcud heç bir münaqişə bölgədə marağı olan fövqəldövlətlərin iştirakından kənar uzunmüddətli həllini tapmayıb. Azərbaycan Prezidentinin rusiyalı həmkarı və Ermənistan baş naziri ilə imzaladığı bəyanat regionda uzunmüddətli sülhün təmininə töhfə verəcək. Bu dəfə qardaş Türkiyənin də məsələdə bilavasitə iştirakı Azərbaycanın geniş bölgə üçün həmişə nəzərdə tutub tətbiq etdiyi balanslaşdırılan siyasətin həyata keçməsi və münaqişənin sonunda “Qarabağ Azərbaycandır və nida” ifadəsinin bərqərar olması deməkdir.
Bu fikirləri ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva AZƏRTAC-a açıqlamasında bildirib.
Ş.Mehrəliyeva deyib: “Sentyabrın 27-dən başlayaraq hərbi və siyasi həll yollarından məharətlə istifadə edən Müzəffər Ali Baş Komandan həm qarşı tərəfə, həm də bölgədə marağı olan bütün tərəflərə Azərbaycanın qüdrətini nümayiş etdirdikdən sonra, sərkərdə rolunda xalqımızın mənəviyyatını əks etdirdi və Azərbaycanın bu müharibədə lazımsız qurbanlar verməməyin tərəfdarı olduğunu göstərdi. Axı ən böyük qələbələr məhz qan tökülmədən əldə edilənlərdir.
Düşünürəm ki, imzalanan sənəddə göstərilən “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir” ifadəsi Ermənistan və Azərbaycan arasında yaxın gələcəkdə münasibətləri dəyişən ən vacib hissəyə çevriləcək. Naxçıvan Muxtar Respublikası ilə də Azərbaycanın quru nəqliyyat əlaqəsinin bərpa edilməsi ölkəmizin tam suverenliyinə qovuşması ilə yanaşı, bütün Cənubi Qafqaz bölgəsinə daha rahat “nəfəs almağa” və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bölgənin sağlam iqtisadi inteqrasiyasına zəmin yaradacaq”.