MƏDƏNİYYƏT
Səfir: Mətbəx həftəsi İtaliya-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxarır
Bakı, 4 dekabr, AZƏRTAC
Bakıda İtaliya mətbəxi həftəsinin başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbəx həftəsinin xüsusi bir vaxta təsadüf etdiyini deyib: “Tədbir İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün namizədliyinin irəli sürülməsi ilə üst-üstə düşür. Bu da İtaliya mətbəxinin dünya üzrə tanınmasına işarə verir. Mətbəx həftəsinin təşkil olunması İtaliya və Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxarır”.
İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko Azərbaycanın İtaliyanın bir nömrəli partnyoru olduğunu diqqətə çatdırıb. “İtaliyadan Azərbaycana gələn idxalda 10 ayın statistikasına baxanda 10 faiz artım müşahidə olunur. Son üç il ərzində isə ümumi artım 15 faizdən çox olub”, - deyə o əlavə edib.
Agentliyin direktoru mətbəx həftələri çərçivəsində aşpaz Bertonun iştirakı ilə ustad dərsinin keçiriləcəyini bildirib. Andrea Makkaniko gələn həftə Azərbaycanın iş adamları ilə İtaliya sahibkarları arasında görüşlərin təşkil olunacağını da qeyd edib.
Aşpaz Berton İtaliyanın mətbəxini Azərbaycanda təmsil etməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. “Bu günlərdə göstərəcəyim yemək təqdimatlarında Azərbaycan məhsullarından istifadə etmək ideyası yarandı. Bildiyimiz kimi, məhz Azərbaycan keyfiyyətli zəfəran istehsalçısıdır. Fikrimcə, rizottoya Azərbaycan zəfəranı əlavə etmək gözəl ideya olar. Həmçinin biz yeni şorba resepti düşünürük. Reseptin əsasını Azərbaycan kürüsü təşkil edəcək”, - deyə o əlavə edib.