SƏFİR TƏLƏT ƏLİYEV UKRAYNADAKI AZƏRBAYCAN DİASPORUNUN RƏHBƏRLİYİ VƏ FƏALLARI İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 5-də Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyevin təşəbbüsü ilə diplomatik nümayəndəliyimizin binasında Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) rəhbərliyi və fəalları ilə görüş keçirilmişdir.
Səfir xatırlatmışdır ki, sağlam, sıx birləşmiş və demokratik çoxmilyonlu Azərbaycan diasporunun yaradılmasının təşəbbüskarı, onun mənəvi hamisi, ümummilli liderimiz Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, tarixi vətənləri ilə əlaqələrinin möhkəmlənməsi üçün böyük təcrübəsini, biliyini və səylərini əsirgəmirdi. Hazırda bu xətti dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı Azərbaycan diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə ölkəmizin tarixini, mədəniyyətini xaricdə fəal təbliğ etməyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməniçilik əfsanəsini dağıtmağa, tarixin saxtalaşdırılması faktlarını üzə çıxarmağa çağırmışdır.
Tələt Əliyev səfirliyin və diasporun bu istiqamətdə fəaliyyəti barədə məlumat vermişdir. O, “Azərbaycan poeziyası antologiyası” ikicildliyinin Ukrayna dilində nəşrini tarixi hadisə adlandırmışdır. Görkəmli şairimiz Səməd Vurğunun Kiyevdə onun adını daşıyan kitabxananın qarşısında abidəsinin açılması iki dost dövlətin mədəni həyatında əlamətdar hadisə olmuşdur.
UAK-ın fəalları azərbaycanlı tələbələrlə birlikdə Xocalı faciəsinin ildönümünü Kiyevdəki Ermənistan səfirliyi və ATƏT-in nümayəndəliyi qarşısında geniş piketlərlə qeyd etmişlər. Soydaşlarımızın bu və digər vətənpərvərlik aksiyaları böyük əks-səda doğurmuşdur.
Azərbaycan mətbəxi festivalı Ukraynada böyük maraqla qarşılanmışdır. “Azərbaycan xalq nağılları” kitabının Ukrayna dilində nəşri balacalar üçün gözəl hədiyyədir.
Səfir diasporun ən fəal nümayəndələrinə fəxri fərmanlar təqdim etmişdir.
Ukrayna Ali Radasına deputatlığa namizədlər Burzu Əliyev və Sənan Ələkbərov bildirmişlər ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklər.
UAK-ın sədri Akif Gülməmmədov təşkilatın Nizamnaməsinə dəyişikliklər və əlavələr barədə məlumat vermiş, siydaşlarımızı Konqresin oktyabrın ortalarında keçiriləcək konfransı ərəfəsində fəal olmağa çağırmışdır.