Səfirlik: Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil
Bakı, 2 may, AZƏRTAC
“Son zamanlar bəzi sosial şəbəkələrdə və etibarsız kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfiri “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyi bildirir ki, qardaş Azərbaycanı maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətə uyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin açıqlamasında yer alıb.
Səfirlik bildirir ki, qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman ölkələrinin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdürlər.