Şəhid ailələri: Şəhidlərin adları Vətəninin hər bir guşəsində layiq olduğu ucalıqda yaşamalıdır
Bakı, 7 sentyabr, AZƏRTAC
Vaxtilə 30 ilə yaxın işğal altında qalan, 6 il əvvəl isə əsarətdən xilas edilən Qarabağ və Şərqi Zəngəzur bu gün azadlığın, Zəfərin və yenidənqurmanın ünvanına çevrilib. Bir vaxtlar dağıdılan, viran qoyulan tarixi-mədəni irs bu gün bərpa olunur. Belə bir məkanda daş və qayalara yazı yazılması isə təkcə görüntü məsələsi deyil, həm də tarixi irsə və Vətənə münasibətin göstəricisidir.
Şəhid ailələri hesab edirlər ki, şəhidlərin xatirəsini yaşatmaqla yanaşı, onların canları bahasına azad edilən torpaqların hər qarışını qorumaq da cəmiyyətin mənəvi borcudur.
Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Maisə Həsənquliyeva AZƏRTAC-a açıqlamasında deyib ki, şəhidlərin adlarını qayalara və daşlara yazmağa ehtiyac yoxdur. Çünki onlar öz adlarını artıq qanları, canları və qəhrəmanlıqları ilə Azərbaycanın tarixinə həkk ediblər.
“Şəhidlərimiz öz qanları ilə, şücaətləri ilə, qəhrəmanlıqları ilə, qazilərimiz, döyüşçülərimiz öz adlarını tarixə yazdılar. O daşların, sıldırım qayaların, o torpaqların hər qarışında bizim qəhrəman şəhidlərimizin, qazilərimizin, Vətən oğullarımızın, ordumuzun əziyyəti, əməyi, qanı, canı var”.
M.Həsənquliyevanın fikrincə, şəhidlərin xatirəsini yaşatmaq arzusu başadüşülən olsa da, bunun yolu tarixi və təbii məkanlara yazı yazmaqdan keçmir. Şəhidlərin adlarının təsadüfi daş və qayalara yazılması onların xatirəsinə ehtiramın düzgün ifadəsi sayıla bilməz. Xüsusilə qayaların, daşların və digər səthlərin üzərinə adların yazılması həmin ərazilərin görünüşünü poza, tarixi mühitə xələl gətirə və şəhid adlarının sonradan ayaq altında qalmasına səbəb ola bilər: “Heç bir ana-ata istəməz ki, onun övladının adını kimlərsə tapdalasın, əzsin, keçsin. Bizim övladımızın adı yerdə yox, səmada yazılır, zirvələrdə yazılıb, tarixə silinməz şəkildə həkk olunub”.
Şəhid anasının sözlərinə görə, şəhidlərin xatirəsinə ehtiram göstərməklə yanaşı, onların uğrunda can verdikləri torpaqların qorunması da əsas vəzifələrdən biridir. Bu baxımdan, Qarabağın təmizliyinin, tarixi-mədəni irsinin, təbiətinin və şəhərlərinin görünüşünün qorunması hər bir vətəndaşın məsuliyyətidir: “Gəlin hamımız əl-ələ verək şəhidimizin bizə əmanət qoyduğu, qanı bahasına, canı bahasına, qazilərimizin sağlamlığı bahasına qazandığımız torpaqlara sahib çıxaq. Onun təmizliyinə, səliqəliyinə, gözəlləşməsinə dəstək olaq”.

Vətən müharibəsi şəhidi Vüqar Nəcəfovun bacısı Günel Abdullayeva sosial şəbəkələrdə yayılan görüntülərin heç də xoş olmadığını bildirib: “Həmin görüntülər və insanların daş dövrü təfəkküründə qalması həqiqətən də çox üzücü və düşündürücüdür. Cəmiyyətimizdə hələ də tarixi abidələrə, müqəddəs torpaqlara və şəhidlərimizin qanı ilə suvarılmış ərazilərə qarşı bu cür məsuliyyətsiz yanaşmaların olması adamı qıcıqlandırır və haqlı olaraq narahat edir. Belə məkanların qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir vətəndaşın məsuliyyətidir".
G.Abdullayeva diqqətə çatdırıb ki, şəhidlərin adlarının qayalara və daşlara yazılmasına ehtiyac yoxdur. Çünki Vətən uğrunda canından keçənlər öz adlarını artıq qanları, şücaətləri və qəhrəmanlıqları ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrinə həkk ediblər. Onun fikrincə, tarixi məkanlara müdaxilə etmək əvəzinə şəhidlərin xatirəsinin layiqli şəkildə əbədiləşdirilməsi və qorunması daha doğrudur. Şəhid bacısı bu baxımdan qardaşının adının küçəyə verilməsini və onun adının tarix kitablarında yaşadılmasını nümunə göstərib.
G.Abdullayeva vurğulayıb ki, şəhidlərin adını yaşatmaq onların uğrunda can verdikləri torpaqlara sahib çıxmaq, tarixi irsi qorumaq və gələcək nəsillərə bu əmanəti olduğu kimi çatdırmaqla mümkündür. Onların adları təsadüfi bir daşın üzərində deyil, xalqın yaddaşında, tarixində və Vətəninin hər bir guşəsində layiq olduğu ucalıqda yaşamalıdır.

Şəhidlərin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcu olsa da, bu hörmət, sevgi tarixi abidələrə, qayalara, daşlara və digər təbii və ictimai səthlərə yazı yazmaqla göstərilməməlidir. Azad edilmiş ərazilərdə bu gün tarixi-mədəni irsin, təbiətin və şəhərlərin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Şəhidlərin adlarını küçələrdə, məktəblərdə, muzeylərdə və xatirə məkanlarında yaşatmaq, onların həyat və döyüş yolunu gələcək nəsillərə çatdırmaq isə bu müqəddəs xatirəyə ən layiqli ehtiramdır. Çünki şəhidlərin bizə əmanət etdiyi torpaqları qorumaq həm də onların müqəddəs xatirəsini qorumaq deməkdir.
Müxbir - Göyçək Mahmudlu