CƏMİYYƏT
Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub














Bakı, 26 sentyabr, AZƏRTAC
Oğlum Vətən uğrunda şəhid oldu, başımızı uca etdi. Mən bundan şərəf duyuram. Ancaq valideyn kimi bu yükü daşımaq həm çox çətin, həm də qürurludur. Övladım mərd, vətənpərvər oğlan olub.
Bunu AZƏRTAC-a müsahibəsində şəhid Samir Xudiyevin atası Səməd Xudiyev deyib.
O bildirib ki, Samir əsgərlikdə olarkən Qaragöl döyüşlərində iştirak edib: “Oğlum döyüşlərdə fərqləndiyinə görə ona Fəxri fərman təqdim edilib, medallarla təltif olunub. Həmçinin əsgərlərimizdən bir neçəsini atəş altından xilas edib. Amma şəhid olan yoldaşları da olub.
Samir həmişə deyirdi ki, ata mən ermənilərin bizim torpaqlarımızı işğal altında saxlamasına dözə bilmirəm. Qisas hissi həmişə onun daxilində yaşayırdı. O, ərazilərimizin azad olunması gününü səbirsizliklə gözləyirdi.
Oğlum avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Məni bir ata kimi başımı uca etdiyinə görə ona həmişə minnətdaram. Özümə borc bildim ki, o, ölümündən sonra da xatirələrdə yaşasın deyə şəxsən öz hesabıma Sabunçu qəsəbəsindəki evimdə muzey yaratdım. Mən gücüm çatandan da çox çalışdım ki, guşəni yaratmaqla atalıq borcumu yerinə yetirim”.
Səməd Xudiyev qeyd edib ki, Vətən uğrunda ölən varsa, Vətəndir: “Vətənin hər qarış torpağında şəhidlərimizin qanı var. Doğma torpaqlarımız onların canı bahasına azad olunub. Allah şəhidlərimizə rəhmət etsin, yerləri cənnət, məqamları uca olsun. Şəhidlərin yaxınlarına, valideynlərinə səbir diləyirəm. Bir daha Vətən sağ olsun”.