CƏMİYYƏT
Şəhid Elvin Məmmədovun ildönümündə xatirəsi anılıb






Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Göyçay rayonunun Ləkçılpaq kəndində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Elvin Mübariz oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri Elvin Məmmədovun əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən və şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Məmmədov Elvin Mübariz oğlu 1996-cı il noyabrın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb edilib. O, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək oktyabrın 1-də şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.