Şəhid Kamal Mirzəliyevin əziz xatirəsi anılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən Mirzəliyev Kamal Əjdər oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub.
Daha sonra şəhidin ailəsi ziyarət edilib. Ailə üzvləri Kamal Mirzəliyevlə bağlı xatirələrini bölüşüb, şəhidin şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunub.
Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.