Şəhidlərimizin ən böyük arzusu olan müstəqil Azərbaycan dövləti bu gün düşmənə göz dağıdır
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələrinə təkcə faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şərəf, qürur tarixi kimi baxılmalıdır.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn 1 saylı “ASAN xidmət” mərkəzinin aparıcı məsləhətçisi Fərid Gülablı AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, bu qanlı hadisədə yüzlərlə insanın həyatına son qoyulmuş, ailələr başsız qalmış, oğul və qızlarımız əlil olmuşlar. 20 Yanvar hadisələri faciə ilə nəticələnsə də, xalqımızın tarixində qəhrəmanlıq rəmzinə çevrilmişdir. Dünya tarixində nadir hallarda olur ki, bir xalq azadlığı uğrunda, ona qarşı edilən haqsızlığa qarşı meydanlara çıxsın və tankın, topun, tüfəngin qabağında əliyalın, mərd-mərdanə, cəsarətlə dayansın. Belə sınaqlardan hər xalq üzüağ çıxa bilmir. Ancaq Azərbaycan xalqı onun qarşısını kəsən imperiya ordusuna mətanətlə sinə gərdi.
Şəhidlərimizin ən böyük arzusu olan müasir müstəqil Azərbaycan bu gün düşmənə göz dağıdır. Azad dövlətimizin üçrəngli bayrağı başımızın üstündə əzəmətlə dalğalanır. 20 Yanvar şəhidləri də bu amal uğrunda canlarını fəda etmişlər.
Hər il Şəhidlər xiyabanına gələrək, burada uyuyan qəhrəmanlarımızı ziyarət etdiyini deyən Fərid Gülablı qeyd edib ki, gənc nəslə 20 Yanvar hadisələrinin mahiyyəti, onun başvermə səbəbləri izah olunmalıdır. Onlar bilməlidirlər ki, azadlığımız, müstəqilliyimiz hansı itkilər bahasına qazanılmışdır. Qoy, onlar Vətənin və xalqın tarixi keçmişi ilə fəxr etsinlər!