Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq
Kiyev, 20 yanvar, AZƏRTAC
Ölkəmizin Ukraynadakı səfirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar xatirə tədbiri keçirib. Tədbir qanlı hadisələrin 26-cı ildönümünə həsr edilib. Səfirliyimizin binası üzərində dalğalanan Azərbaycanın Dövlət bayrağı hüzn günü ilə bağlı endirilib.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan diaspor və gənclər təşkilatlarının fəalları, Ukraynanın mədəni, işgüzar və ictimai dairələrinin təmsilçiləri, Azərbaycan, Türkiyə və Ukrayna KİV-lərinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları səfirliyimizin “Naxçıvan” zalında şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra onlar fotostend və kitab rəflərində 20 Yanvar hadisələrindən söz açan mətbu və rəqəmsal məhsul, o cümlədən Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın birgə layihələri olan “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” və Xocalı soyqırımı haqqında kitab-albomları ilə tanış olublar. Səfirlik 20 Yanvar hadisələrinə həsr edilmiş press-reliz də hazırlayıb.
Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev çıxışında vurğulayıb ki, 20 Yanvar müasir Azərbaycan tarixinə ən faciəli hadisələrdən biri və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bu qanlı qırğın Azərbaycan xalqının iradəsini, onun azadlıq əzmini qıra bilməyib. Xalqımızı öz qanı bahasına olsa da məqsədinə çatıb - azadlığına və müstəqilliyinə qovuşub.
Məhz buna görə də hər il yanvarın 20-də Prezident İlham Əliyev başda olmaqla minlərlə Azərbaycan vətəndaşı ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının nurlu xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət edir. Həmvətənlərimiz yaşadıqları bütün ölkələrdə, o cümlədən Ukraynada 20 Yanvar şəhidlərinin nurlu xatirəsini anırlar.
Azərbaycan diplomatı sonda deyib: “Azadlıqsevər Azərbaycan xalqı, bütün tərəqqipərvər bəşəriyyət durduqca, onların xatirəsi də qəlbimizdə daim yaşayacaq”.
Sonra Qanlı Yanvar haqqında “Caspian Broadcasting Company”nin istehsalı olan “2 nömrəli iş” sənədli filmi nümayiş etdirilib, dualar oxunub, ehsan verilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev