Şəkidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Şəki, 21 yanvar (AZƏRTAC). Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda azadlıq mübarizəmizin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 21-ci ildönümü Şəkidə xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü kimi qeyd edilmişdir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, faciənin ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, yerlərdə silsilə tədbirlər, anma mərasimləri keçirilmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Hüzn günü ilə əlaqədar ümumtəhsil məktəblərində inşa yazı və rəsm müsabiqələri təşkil olunmuş, yanvarın 19-da məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr olunmuşdur.
Yanvarın 20-də Şəki şəhərindəki əsaslı təmir olunmuş və yenidən qurulmuş “Şəhidlər xiyabanı”nda ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilmişdir.
Toplantını giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrdən biri kimi böyük əhəmiyyət daşıdığını bildirmişdir. Vurğulanmışdır ki, məhz 1990-cı il 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı bildirmişdir ki, imperiya qüvvələrinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi vandalizm, terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Natiq 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, məhz ulu öndərimizin müdrik siyasəti və qətiyyətli addımları nəticəsində bu gün 20 Yanvarın respublikamızın hər yerində xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd edildiyini xüsusi vurğulamışdır.
Tədbirdə Qarabağ müharibəsi veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, şəhid anası Nərgiz Bəkirova çıxış edərək şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.