ŞƏKİDƏ KEÇİRİLƏN “İPƏK BAYRAMI” GÖZƏLLİYİN, ZƏRİFLİYİN VƏ DOSTLUĞUN TƏRƏNNÜMÜNƏ ÇEVRİLMİŞDİR
Səhər saatlarında dost ölkələrin nümayəndə heyətləri Olimpiya meydanında şəhər rəhbərliyi tərəfindən səmimi qarşılanmış, qonaqlara gül-çiçək dəstələri və bayramın emblemləri təqdim olunmuşdur.
Bayram iştirakçılarını səmimi salamlayan Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov xeyirxahlıq, sülh və gözəlliyin tərənnümünə həsr olunan “İpək bayramı”nın Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını bildirmişdir. O demişdir ki, Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir şəhər olmuşdur. İpəkçilik hər bir şəkilinin məişətində, təsərrüfatında özünəməxsus yer tutmuşdur. Orta əsrlərdə Şəki nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalı mərkəzlərindən biri sayılırdı. İpəkçiliyin inkişafı Şəkidə sənətkarlığın və ticarətin yüksəlişinə də əsaslı təsir göstərmiş, şəhərin həyatının canlanmasına səbəb olmuşdur. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar xarici ölkələrə ixrac olunmuş, Şəki ipəyi bütün dünyada məşhurlaşmışdır.
1998-ci ildə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan “Böyük İpək yolu”nun dirçəldilməsi ilə bağlı tədbirlər məhz ölkələr və xalqlar arasında dostluq və mədəni əlaqələrin formalaşmasına xidmət edirdi. Ulu öndərin təşəbbüsü ilə bərpa olunan yeni “Böyük İpək yolu” respublikamızın siyasi, iqtisadi və sosial inkişafına əsaslı şəkildə təsir göstərir, turizmin inkişafına təkan verir. İpəyin gözəllik və zəriflik rəmzi olduğunu vurğulayan N.İbrahimov əmin olduğunu bildirmişdir ki, Şəkidə keçirilən bu bayram da insanları gözəlliyə, humanizmə, sülhə, əmin-amanlığa səsləyəcəkdir.
Açılış mərasimində əvvəlcə tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın şair Vaqif Aslanın sözlərinə bəstələdiyi “İpək bayramı” mahnısı “Qala” instrumental ansamblının müşayiəti ilə ilk dəfə səsləndirilmişdir.
Bayram iştirakçıları sonra şəhərin mərkəzinə gəlmişlər. Şəkinin “Üç güyüm” və Teatr meydanlarında təşkil olunan bayram konsertləri, mərkəzi meydanda “Zorxana” rəqs kollektivinin, pəhləvanların, kəndirbazların çıxışları xoş təəssürat doğurmuşdur.
Sonra iştirakçılar bəstəkar Soltan Hacıbəyovun məşhur “Karvan” simfonik lövhəsinin sədaları altında dəvə karvanının müşayiəti ilə “Böyük İpək yolu”nun rəmzi qapısından keçərək, XVIII əsrə aid memarlıq abidəsi olan Yuxarı Karvansaraya gəlmişlər. Karvansaranın həyətində təşkil edilmiş “İpək bazarı” ilə tanışlıq, şəkili sənətkarların burada nümayiş etdirilən əl işləri - şəbəkə, təkəlduz, misgərlik, dulusçuluq nümunələri, ipək kəlağayılar qonaqların böyük marağına səbəb olmuşdur.
Daha sonra bayram iştirakçıları Şərq memarlığının incilərindən olan Şəki xanlarının sarayına baş çəkmiş, burada çay süfrəsi ətrafında yerli musiqiçilərin və xanəndələrin ifasında muğamları, xalq mahnılarını, el havalarını dinləmiş, xatirə şəkilləri çəkdirmişlər.
Günortadan sonra qonaqlar bölgənin ən böyük sənaye müəssisəsi olan “Şəki-İpək” Səhmdar Cəmiyyətində olmuş, burada yeni yaradılan “İpək” muzeyinə, xalçaçı qızların işinə tamaşa etmişlər. Müəssisənin sərgi salonunda nümayiş etdirilən ipək kəlağayılar, parçalar, xalçalar və digər məhsullar böyük maraq doğurmuşdur. Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.
Müəssisənin klubunda keçirilən qısa mətbuat konfransında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, səfirlər Turan Moralı və Vasili İstratov, Bolqarıstanın Qabrovo şəhərinin meri Boqomil Belçev, Türkiyənin Lapseki şəhərinin bələdiyyə başqanı Kamil Özər bayramın yüksək səviyyədə təşkilindən məmnun qaldıqlarını bildirmişlər. Dəvətə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirən xarici qonaqlar Şəkidən xoş ovqatla və zəngin təəssüratla qayıdacaqlarını vurğulamış, bayramın ənənəvi olaraq hər il keçirilməsini arzulamışlar.
Sonra qonaqlar burada yerli musiqiçilərdən ibarət kamera ansamblının ifasında Avropa və Azərbaycan bəstəkarlarının klassik əsərlərini dinləmişlər.
Bayram şənlikləri şəhərin mərkəzi meydanında böyük bayram konserti və atəşfəşanlıqla başa çatmışdır.