Şəkidə keçirilən reyd zamanı 20 sürücü barəsində protokol tərtib olunub
Bakı, 2 mart, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı növbəti dəfə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər barəsində qanuna uyğun müvafiq tədbirlər görülüb. Reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-nin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda, həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb və onlara yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub, sükan arxasında daha məsuliyyətli olmağın vacibliyi vurğulanıb.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.