Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçiriləcəkdir
Bakı, 4 may (AZƏRTAC). Mayın 6-dan 8-dək Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş milli atüstü turist yürüşü keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə yerli turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi ilə birlikdə Şəki rayonuna bir günlük infotur təşkil olunacaqdır. İnfoturun iştirakçıları Daşüz kəndindən Çorqat meşəsinə doğru 10 kilometr yol qət edəcəklər. Adıçəkilən istiqamətdə təqdim edilən marşrutun uzunluğu 35 kilometr, keçid vaxtı 8 saatdır.
Milli atüstü turist yürüşü ölkənin cazibədar təbiəti ilə seçilən Şəki rayonunun turizm potensialının tanıdılması, həmçinin mayın sonunda Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələcək turistlərin atüstü turizmə cəlb edilməsində, eləcə də atçılıq turizm marşrutunun inkişaf etdirilməsi və təbliğində mühüm rol oynayacaqdır.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, 12 turizm şirkəti və 13 nəfər media nümayəndəsi iştirak edəcəkdir.