MƏDƏNİYYƏT
Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçirilmişdir
Şəki, 7 may (AZƏRTAC). Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş milli atüstü turist yürüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yürüşün keçirilməsi məqsədilə mayın 7-də nazirliyin əməkdaşlarının, turizm şirkətləri və media nümayəndələrinin iştirakı ilə rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə birgünlük infotur təşkil olunmuşdur.
İnfotur iştirakçıları əvvəlcə mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Təlimatçılar infotur iştirakçılarına marşrutla bağlı müvafiq təlimat vermişlər. Sonra iştirakçılar Daşüz kəndindən Çorqat meşəsinə doğru 10 kilometr məsafə qət etmişlər. Çorqat meşəsi-Topxana-Molladərə-Daşüz istiqamətində təqdim edilən marşrutun uzunluğu isə 35 kilometr olmuşdur.
Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov AZƏRTAC-a bildirmişdir ki, ulu öndərin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşünün əsas məqsədi respublikamızda atçılıq turizminin təbliği, bu sahəyə marağın oyadılması və kütləviliyinin artırılması, həmçinin bu ay Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gələn turistlərin atçılıq turizminə cəlb edilməsinə nail olmaqdır.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, 12 turizm şirkəti və 13 nəfər media nümayəndəsi iştirak etmişdir.