Şəkinin kitabxanalarında “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər keçirilir
Şəki, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şairin zəngin irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Şəki şəhər Mərkəzi Kitabxanasında dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş videokonfransda səsləndirilib.
“Zoom” proqramı üzərindən onlayn formada keçirilən videokonfransı Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Seyid Vahabov açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib. “Nizami Gəncəvi İli” çərçivəsində kitabxanalarda həyata keçirilən tədbirlər barədə məlumat verən MKS-nin direktoru Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi tərəfindən “Qədim Gəncədən dünyaya yayılan söz sənəti inciləri” adlı metodik tövsiyə hazırlandığını, kitabxana filiallarında “Nizami Gəncəvi İli - 2021”, “Nizami Gəncəvi - 880” başlıqlı ənənəvi və virtual sərgilərin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, kitabxanalarda dahi şairin həyat və yaradıcılığı haqqında videoçarxlar hazırlanıb, onlayn mühazirələr, poeziya dəqiqələri təşkil olunub. MKS-nin direktoru bu mövzuda silsilə tədbirlərin ilin sonunadək davam etdiriləcəyini bildirib.
Videokonfransda AMEA Şəki Regional Elmi Mərkəzin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov “Nizami Gəncəvi mühiti, şəxsiyyəti, ədəbi irsi” mövzusunda çıxış edib. Çıxışda Nizaminin əsərlərində zamanəmiz üçün aktual olan məsələlərin çoxluğu, şairin ədəbi mühiti, “Xəmsə”yə daxil olan poemaların hər birinin mövzu və ideya istiqamətləri barədə geniş məlumat verilib.
Videokonfransda, həmçinin kitabxana işçilərinin mövzu ilə bağlı çıxışları dinlənilib.