SƏKKİZ KİLOQRAMA YAXIN NARKOTİK MADDƏ MƏHV EDİLMİŞDİR
İşçi qrupunun rəhbəri İsrafil Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, son illər məhkəmələrin hökmü ilə müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr müvafiq qurumların - Milli Təhlükəsizlik, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Gömrük Komitəsi əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində məhv edilir. Bizdə ağır narkotik maddələr istehsal olunmur. Onları əraziyə əsasən xarici vətəndaşlar gətirirlər. Doğrudur, müxtəlif ərazilərimizdə təbii şəraitdə çətənə bitir. Lakin onu hər il külli miqdarda məhv edirik. Son beş il ərzində dəyəri “qara bazarda” 1 milyard ABŞ dollarından artıq olan yabanı çətənə məhv etmişik. Bu gün məhv olunan maddələr xarici mənşəlidir. Tiryək bağlamalarının üzərindəki möhürdən gördünüz ki, onlar Əfqanıstanda istehsal olunmuşdur. Qeyd edim ki, bu ilin beş ayında qanunsuz dövriyyədən 90 kiloqramdan artıq narkotik maddə çıxarılmışdır. Hələlik onun az bir hissəsi məhkəmə hökmü ilə müsadirə olunmuşdur.